654) AZERBAYCAN GENÇLİĞİNE GECİKMİŞ TEBRİK MEKTUBU
Yayin Tarihi 4 Şubat, 2013
Kategori AZERBAYCAN SAYFASI, KATEGORİLENMEMİŞ
Azərbaycan gəncliyinə gecikmiş təbrik məktubu
Azərbaycan gəncliyi!
Ən yaralı mövzumdur mənim… İllər boyu üzərinə getdiyim, anlamağa çalışdığım, o “kimliyin” həndəvərini, əhatə dairəsini, “necəliyini”, üzərindəki missiyanı, xarakterini çək-çevir etdiyim, gerçək təfərrüatına varmaq istədiyim bir mövzu!
…Siyasətə gəldiyimdə çox gənc idim. 18 yaşı yenicə tamam olan sadəlövh bir gənc.
Hələ indi-indi anlayıram ki, 15 il öncə gördüyüm, baxdığım, toxunduğum hər şeyin rəngi gerçəkdən bam-başqa imiş. Siyasətin, siyasətçilərin, gələcəyin, arzuların, ümidlərin özü də daxil..
Və ya, bu elə bir yaş dövrü ki, o yaşda insan beyni “pisliklər”in, “nadanlıqlar”ın, “xəyanətlərin”hətta ehtimalını belə öz yaxınına buraxmır..O sadəcə gördüyü işlə qürur duyur. O sadəcə sevinir. Nə etdiynin fərqinə varsa da, nə baş veridyinin fərqinə varmadan sevinir…
Bu minvalla 3 il, 5 il, 10 il keçir…Bir baxırsan ki, demə özündən başqa fədakar yoxmuş ortada. (Təbii, buna fədakarlıq demək mümkünsə) Varsa da özünəbənzərlər imiş. Ya da fədakar anlayışını tam başqa meyarla, etalonla beyninə əxz etmisən, pərçimləmisən..
Sən müxalifəti – dostların, ailən isə səni fanatizmdə ittiham edir. Sən müxalifət liderlərinə(haqlı olaraq!)“gənc yaşında birilərini siyasətə müxalifətçi kimi gətirib, elə müxalifətdəcə pensiya yaşına çatdıran”- damğasını vurursan. Səni yaxından tanıyanlar, əzizlərin, doğmaların isə bir gün dözməyib “Sənin də pensiya yaşına bir şey qalmadı amma” – tənəsini üzünə, gözünə, ya da təpənin düz ortasına çırpmağa məcbur olurlar.
Və beləcə…bir gün anlayırsan ki, atıldığın qaynar ortamın məğzi, özünəməxsusluğu gərəkdiyi anda dar və bəlli həqiqətlərlə tükənə bilirmiş əslində. Ya da, o qaynar ortamda təriflərin, gözəl sözlərin TAM bolluğuna qərq olmuşkən, sahib çıxılmağın, əl uzadılmağın KƏM fövqündə qalmağı da göz önünə almalı imişsən bir gün…
***
Mən siyasətçiyəm. Elə bu səbəbdən, İllərdir ciddi bir rakurs fərqi ilə müşahidə etdiyim GƏNCLİK anlayışı da məhz bu kontekstdə mənim üçün daha maraqlı olub. Həmin gəncliyi qərarlaşdığım, mənsub olduğum sahədən öz baxış üçbucağımla təsnif etməyə çalışmışam:
İlk öncə müxalif gənclikdən başlayım…
Bir qəribədir onlar..
Dediyini deyən, haqlı-haqsız iddialarda bulunan, emosyalarını cilovlaya bilməyən, iftiralar püskürən, “Çe Qevara”lıq, “Polat Alemdarlıq” eşqi ilə yaşayan, gördükləri, sərgilədikləri iş, siyasi fəaliyyət fonunda millət adına heç bir perspektiv, nəticə hasilatı hesablamayan, bəzənsə sözün əsl anlamında siyasi kamikadzelik edən bir gənclik..
Kor-koranə, ünvan sonucu olmayan bir yola istiqamətləniblər. Əksəriyyəti təhsilsizdir. Öz liderlərinin hakimiyyət xülyalarına, vəd etdikləri vəzifə nağıllarına, davamlı təlqin edilən “qəhrəmanlıq”- səlnamələrinə inanmış, aludə olmuş durumdalar!
Əbülfəz Qurbanlının ayaqları göydə polis maşınına mindirilmə səhnəsi, Tural Abbaslının ifasında hər addımda cır avazla hansısa şüarın səslənmə kadrı…bezdiricidir. Vallah-billah bezdiricidir, yorucudur, usandırıcıdır, ikrah doğurandır. Hətta bu iqtidardan küsüb müxalifətə keçmək haqqda düşünən biri üçün də ayaq saxlama, durma, düşünmə nöqtəsidir! “Müxalifətçi gəncliyinin lideri budursa, ordakı elektoratın sanbalı, gələcəyi nə olacaq”?- sualı ilə qarşı-qarşıya qalma məcburiyyətidir!
Müxalifətçi gənclik tənqid edir. Hücum edir!
Tənqid və hücum isə təyinatından, quruluşundan, necəliyindən asılı olmayaraq insan beyninin tərifdən və müdafiədən daha tez həzm etdiyi hərəki realizədir. Buna sırf psixoloji “inka”- da demək olar: Hər kəsin tənqidə daha çox meylli olması! Hətta inanmadığı halda belə meylli olması!
Və bəlkə də onlar, qərarlaşdıqları yerdən “fədakar”, bizsə “yarınan”- biri kimi görünürük. Onların çətin, bizimsə çox asan bir missiya daşımamız kimi fərqli mənzərə gəlir göz önünə..
Amma inanın, inanın ki, belə deyil. Həqiqətin adı tam başqadır. Görüntülər, ilkin təəsüratlar əsla aldatmasın Sizi!
Müxalif gənclik – bulunduqları nöqtədə “lider defisiti”nin yaratmış olduğu açıq böhranın, cəsarətsizlik sindromunun, kinin, eqonun əsirləridir! Gerçək anlamda əsirləridir!
Təxminən, sıldırım qayaya 4 tərəfdən qalın zəncirlə bağlanmış kimi bir təzahüratdır bu.
O zənciri isə qıracaq bir kimsə yox!
Çünki, İsa Qəmbər və Əli Kərimli xislətində olan “lider”lərə öz varlıqlarını, hikkələrini, təkəbbürlərini qorumaq, sübut etmək üçün elə zəncirlənmiş, ovsunlanmış vəziyyətləri ilə gərəkdirlər onlar!
Bu iqtidarı hər kəsin sevmək məcburiyyəti daşıdığını iddia etmirik! Siyasi mənsubiyyət seçimi, bir fərdin öz iradəsinə, əqlinə, məntiqinə bağlı bir şey…
Amma bununla bərabər özünə vətəndaş deyən BİRİNİN “bu milləti, bu dövləti satım yoxsa satmayım”-deyə sual ayrıcalığı lüksü də yoxdur! Ola bilməz! Olmamalıdır!
Siyasət – ölkənin taleyi, gələcəyi, bəzənsə ümumiyyətlə VARLIĞI ilə baqlı ən üst qərarların verildiyi sahədir! Elə məhz bu səbəbdən, ən dar süzgəclər də həmin sahənin giriş və çıxışında bərqərar olmalıdır! Gədə-mədələr, soy -kökü bəlli olmayanlar, zatı qırıqlar, xəyanət etməyə adətkar olanlar dərhal…həm də böyük hərflə DƏRHAL meydandan çıxdaş edilməlidir!
Onların ləyaqətsiz ruhu, şərəfsiz ovqatı yerindəcə axtalanmalıdır!
Və, deyim ki..
Mən müxalif gənclər arasında çox savadlı birilərini də tanıyıram.. Üzlərindən, fikirlərindən, dünyagörüşlərindən ilk baxışda az qala ziya, nur damlası axır. Amma elə ki, o insanların iç dünyası ilə təmas başlayır, anındaca təhsilin ZAT qarşısında nə qədər məsum və aciz qaldığını bəs-bəlli həqiqətlərlə, sübutlarla fərq etmiş, sezmiş olursan!
***
Nəhayət, mənim də təmsil olunduğum iqtidar gəncliyi…
İçlərində o qədər mərd, o qədər mübariz biriləri var ki!
Dövlətini, Prezidentini, getdiyi yolu elə bir inancla, məntiqlə, ağılla, sanballa müdafiə edənlər var ki.. Fəqət.. tək bir əmma ilə! – Uzaqdan-uzağa. Könüldən- könülə!..Ən nəhayət SEÇKİDƏN- SEÇKİYƏ!.
Üzdə deyillər ONLAR!!! Salonlarda, tədbirlərdə, məclislərdə ən arxa sıralarda oturublar – oturdulublar! Ya da o salona ümumiyyətlə dəvətli deyillər! Unudulublar! Unutdurulublar!
Bəxtiyar Əsgərovun timsalında 100 belə gəncin misalını çəkə bilərəm!
Əkbər Qoşalının timsalında min belə fədəkar insanın tablosunu çizə bilərəm!
21 yaşında ikən 50 yaşında birinin görməyəcəyi, görə bilmədiyi işi bacaran, müxalifətin ən kritik meydanı olan “Azadlıq”radiosunda rəqiblərinin daşını daş üstdə qoymayan Fərid Şahbazlı, Hacibəy Heydərli, Əfsələddin Ağalarov kimilərinin adını ard-arda düzə bilərəm!
Qoruyun bu insanları! Allah xətrinə qoruyun! Gecikmədən qoruyun!
Həssasdır onlar. Ən böyük diqqəti, sevgini, qayğını haqq edənlərdir onlar!
Qrant, pul-para, əyləncə, dəb-dəbə arzu etmədən sadəcə mənəvi dəstək umanlardır onlar!
Zaman-zaman aqressiv, kürən, ərköyün, ipə-sapa yatmayan əhvallarına rəğmən əsl Azərbaycan gəncliyidir onlar!!!
***
Bu arada,Söhbət tam məqama yetişmişkən bir ibrətamiz hekayəti xatırladım:
“Bir gün yeni avtomobil alan ata, 5 yaşında olan oğlunun yerdən daş götürüb həmin avtomobili yazdığını görür. O qədər çox əsəbləşir ki, uşağın nə yazdığına belə baxmadan onun əllərini bərk vurub barmaqlarını qırır.
…Tez xəstəxanaya çatdırsa da, həkim personalının səyi nəticə vermir və…körpənin barmaqlarından ikisi ağır zədə səbəbilə kəsilməli olur.
Ən kritik səhnə isə əməliyyatdan sonra övladın ataya verdiyi: “ Məni bağışladınmı ata? Barmaqlarım nə zaman çıxacaq”? – sorusu ilə başlayır…Adam suallar qarşısında acız qalıb avtomobilinə dönür. Əlini, başını durmadan övladını şikəst edən bu dəmir parçasına vurur.. Və həmin an ilk dəfə oğlunun maşına yazdığı və bu faciəyə səbəb olan yazını görür: “ SƏNİ SEVİRƏM ATA!
***
Barmaqları, biləkləri, səbrləri, qəlbləri qırılmadan sahiblənin ləyaqətli gəncliyə!
Onların bu millətə, bu dövlətə, öz böyüklərinə olan sevgisini ən sonda görməyə çalışmayın!
Lütfən!!!
P.S. Bayramımız mübarək!!!
Elşən Musayev
Yorumlar
Yorum yap